Şagirdlərin yerdəyişməsi hansı formada həyata keçirilir?
Şagirdlərin yerdəyişməsi proqram təminatı vasitəsilə elektron formada həyata keçirilir.
Proses hansı portal vasitəsilə aparılır?
Proses sy.edu.az portalı vasitəsilə aparılır.
Şagirdlərin elektron yerdəyişməsi portalında valideyn (qanuni nümayəndə) qeydiyyatdan keçmək üçün nə etməlidir?
Valideyn (qanuni nümayəndə) sy.edu.az portalına daxil olub, “qeydiyyat” bölməsini seçib ilk öncə özünü qeydiyyatdan keçirir. Bunun üçün şəxsiyyət vəsiqəsinin FİN kodunu yazıb, “robot deyiləm” düyməsini işarələyib “yoxla” düyməsini vurur. Məlumatların düzgünlüyünü yoxlayıb “təsdiq” düyməsini vurur. Daha sonra əlaqə nömrəsini daxil edir və təsdiqləyir, nömrəyə göndərilən 4 rəqəmli şifrəni ekranda göstərilən müvafiq sahəyə daxil edib təsdiqlədikdən sonra irəli düyməsini sıxır. Bu mərhələdə valideyn tərəfindən kabinetə şifrə təyin edilməsi tələb olunur. Valideyn şifrəni daxil etdikdən sonra kabinet yaradılmış olur. Açılan səhifədə “şagird əlavə et” bölməsinə daxil olub övladının FİN kodunu və yaxud ÜTİS kodunu yazıb, şagirdin oxuduğu rayonu və məktəbi seçib “yoxla” düyməsini vurur. Tapılan məlumatların düzgünlüyünü yoxladıqdan sonra “yadda saxla” vurub şagirdi kabinetə əlavə edir.
Valideyn (qanuni nümayəndə) sy.edu.az portalında yaratdığı şəxsi kabinetə neçə övladını daxil edə bilər?
Say məhdudiyyəti qoyulmayıb.
Şagirdin eyni məktəbin daxilində digər sinfə keçməsi elektron yerdəyişmə portalı vasitəsilə aparılır?
Bəli
X-XI sinif şagirdlərinin yerdəyişməsi necə həyata keçirilir?
X-XI sinif şagirdlərinin yerdəyişməsi üçün sorğu yerləşdirildikdə valideyndən “fayl” bölməsinə ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd yüklənilməsi tələb olunur.
Şagird xarici ölkədən gəldiyi halda onun Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə yerdəyişməsi necə həyata keçirilir?
Şagirdə şərti ÜTİS kodu alındıqdan sonra sy.edu.az portalında qeydiyyatdan keçirilməklə yerdəyişməsi həyata keçirilir.
Şərti UTİS kodu hardan alına bilər?
Bütün ümumi təhsil müəssisələri tərəfindən şərti UTİS kodu verilə bilir.
Hansı halda məktəb tərəfindən yerdəyişmə sorğusuna imtina verilə bilər?
Tədris olunan xarici dillər uyğun olmadığı halda məktəb tərəfindən sorğuya imtina verilə bilər. Əgər şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişirsə və yeni köçdükləri ərazidə onun əvvəl oxuduğu məktəbdə tədris olunan xarici dil tədris olunan məktəb yoxdursa bu halda istisna hal kimi şagirdin yerdəyişməsinə razılıq verilə bilər.
Özəl təhsil müəssisələrinə yerdəyişmə hansı formada aparılır?
Eyni formada, Sy.edu.az portalı vasitəsilə. Valideyn sorğu vermək istədiyi məktəbi seçərkən səhifənin yuxarı hissəsində qeyd olunan “Özəl və ya digər qurumlara tabe məktəblər” bölməsini öncədən işarələməlidir.
Yerdəyişmə etmək istədiyi məktəbin müvafiq sinfi üzrə boş yer olmadığı halda valideyn (qanuni nümayəndə) nə etməlidir?
Valideyn bu halda “növbəyə yazıl” bölməsinə daxil olub növbəyə yazıla bilər.
Bir şagird neçə sinifə növbəyə yazıla bilər?
Məktəbin bir və ya bir neçə sinfinə eyni anda növbəyə yazıla bilər.
Valideynin sorğusuna hansı müddət ərzində ümumi təhsil müəssisəsi tərəfindən təsdiq və ya imtina vurula bilər?
Valideynin sorğusuna hər mərhələ üzrə 3 iş günü ərzində təsdiq və ya imtina vurulmalıdır.
Lisey və gimnaziyalara yerdəyişmə hansı formada aparılır?
Lisey və gimnaziyalara yerdəyişmə mərkəzi və ya məktəblərin xüsusi imtahanları əsasında ildə bir dəfə olmaqla sy.edu.az portalında qeydiyyatdan keçməklə təşkil olunur.
Məktəb tərəfindən sorğu təsdiq edildikdən sonra valideyn nə etməlidir?
Valideyn şəxsi kabinetin “Sorğularım” bölməsində aktivləşən elektron ərizəni 2 nüsxədə(bir nüsxə şagirdin çıxdığı məktəbə, digər nüsxə şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim olunur) çap edərək imzalayıb şagirdin təhsil aldığı məktəbə yaxınlaşır. Məktəb direktoru tərəfindən elektron ərizə əsasında şagirdin məktəbdən çıxması əmrləşdirilir və elektron portalda qeyd olunur. Valideyn elektron ərizə və şəxsi işlə birlikdə 5 iş günü ərzində şagirdin yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşmalı və yerdəyişmə prosesini yekunlaşdırmalıdır.
Övladım üçün məktəbə sorğu yerləşdirən zaman uyğun sinif və bölmədə yer olmadığından növbəyə yazılmışam. Növbəm nə zaman çatacaq?
Hörmətli valideyn, həmin növbənin sorğuya çevrilməsi üçün şagirdin növbəyə yazıldığı siniflərdən birindən şagird çıxarsa, (onun növbədəki sırasına əsasən 1,2 və ya 3 nəfər) Sizin qeydiyyatdan keçdiyiniz mobil nömrəyə sms bildirişi göndəriləcək.
Biz xarici ölkədən Bakı şəhərinə köçmüşük. Övladım üçün sorğu yerləşdirmək mümkün olmur. Övladımı şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçirən zaman “Şagird UTİS məlumat bazasında tapılmır” bildirişi çıxır. Bu problemi necə həll edə bilərəm?
Xarici ölkələrdə təhsil alan şagirdlər UTİS məlumat bazasında heç bir məktəbin siyahısında olmadığı üçün onları sy.edu.az saytında qeydiyyatdan keçirən zaman məlumatları tapılmır. Problemi həll etmək üçün valideyn ümumtəhsil müəssisələrindən birinə yaxınlaşaraq övladına şərti UTİS kodunun alınması üçün müraciət edə bilər.Həmin şərti UTİS kodu ilə valideyn öz şəxsi səhifəsində övladını qeydiyyatdan keçirə biləcəkdir.
Övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm və sorğunun hər 3 mərhələsi təsdiqlənib. Lakin hal-hazırda fikrimizi dəyişdiyimizdən övladımın əvvəlki məktəbində qalmasını istəyirəm. Bu halda nə edilməlidir?
Belə olan halda şagird artıq yeni məktəbin şagird siyahısına inteqrasiya olunduğundan əvvəlki məktəbinə qayıtmaq üçün yenidən həmin məktəbə sorğu yerləşdirməlidir. Yerləşdirilən sorğu tam 3 mərhələdə təsdiqlənib icra olunmalıdır.
Övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm sorğunun ilkin mərhələsi getdiyi məktəb tərəfindən təsdiqlənib. Lakin biz fikrimizi dəyişdiyimizdən övladımın əvvəlki məktəbdə qalmasını istəyirik. Bu halda nə edilməlidir?
Belə olan halda ilkin mərhələ hələ sorğunun tam icra olunması hesab olunmur. Bu zaman valideyn özü şəxsi səhifəsindən Sorğularım bölməsindən həmin sorğunu silə bilər.
Mən övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm. Mənə sorğumun məktəb tərəfindən təsdiq edilməsi haqqında sms bildirişi gəlib. Artıq övladım həmin məktəbə qəbul olunmuş hesab edilir?
Xeyr. Sizin övladınızın sorğusunun yalnız birinci mərhələsi tamamlanıb. Siz şəxsi səhifənizdən Sorğularım bölməsindən Ərizəni çap edib şagirdin əvvəlki məktəbinə təqdim edərək şəxsi işini götürməlisiniz. Bu zaman şagirdin çıxdığı məktəb sənədlərin verilməsi mərhələsini təsdiqləyəcək. Daha sonra şagirdin şəxsi işini qəbul olunduğu məktəbə təqdim edəcəsiniz. Bu zaman həmin məktəbin sənədlərin qəbulu mərhələsini təsdiq etməsi ilə proses yekunlaşacaq.
Mən keçən dövrdə övladım üçün X nömrəli məktəbdə Y sinfinə növbəyə yazılmışdım. Növbədə üç ay gözləsək də sy.edu.az saytı yenidən aktivləşdikdən sonra şəxsi səhifəmdə növbəm görünmür. Problem nədən qaynaqlanır?
sy.edu.az saytında hər yeni dövrə keçid etdikdə əvvəlki dövrdən qalan növbələr, tamamlanmamış (hər 3 mərhələsi təsdiqlənməmiş) sorğular silinir.
Valideyn şəxsi kabinetin şifrəsini və əvvəl qeydiyyatdan keçdiyi nömrəni itirdiyi zaman nə etməlidir?
Valideyn portala daxil olub, “şifrəni unutdum” düyməsinə vurub FİN kodunu yazır, növbəti addımda qeydiyyatdan keçərkən istifadə etdiyi əlaqə nömrəsini müvafiq sahəyə daxil edib “göndər” düyməsini vurur. Sistem tərəfindən avtomatik təyin olunmuş yeni şifrə əlaqə nömrəsinə göndərilir. Əgər əvvəl qeydiyyatdan keçdiyi nömrə artıq aktiv deyilsə, valideyn şəxsiyyətini təsdiq edən sənədlə birlikdə nömrənin dəyişilməsi ilə bağlı Təhsil Nazirliyinin və ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə, eyni zamanda Təhsil Nazirliyinin whatsapp xidmətinə müraciət etməlidir. Əgər valideyn əvvəl qeydiyyatdan keçdiyi aktiv nömrəni dəyişmək istəyirsə, bu zaman https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyinə elektron qaydada müraciət etməsi və ya birbaşa yerli rayon(şəhər) təhsil şöbəsinə yaxınlaşması tövsiyə olunur.