Notifications
Clear all

Peşə təhsili müəssisələrinə tələbə qəbulu (sual-cavab)


Murad Rasulzada
(@murad-rasulzada)
Yeni Üzv
Qoşulub: 2 ay öncə
Yazılar: 2
Əsas mövzu  

1. Peşə təhsil pilləsinə sənəd qəbulu necə aparılır?

Peşə Təhsili Müəssisələrinə tələbə qəbulu mərkəzləşmiş və elektron ərizə forması vasitəsilə həyata keçirilir. Müraciətçilər portal.edu.az saytında qeydiyyatdan keçərək şəxsi səhifə yaradır, tələb olunan əvvəlki təhsil və digər zəruri məlumatları daxil edir, yekunda müraciət etmək istədiyi ixtisasları seçərək təsdiq edirlər. Müsabiqənin yekununda orta attestat balı daha yuxarı olan namizədlər vakant yerlərə qəbul olunurlar. Müsabiqənin yekun nəticəsi barədə müraciətçiyə qeydiyyatdan keçdiyi mobil nömrə vasitəsilə SMS bildiriş göndəriləcək. Müraciətçi öz şəxsi kabinetində nəticələri ilə tanış ola bilər. Müsabiqədən keçən şəxslər qəbul olduqları müəssisələrdə öz sənədlərini təsdiq etdirməli və qeydiyyatdan keçməlidirlər.

 

2. Elektron müraciətlər nə zaman ünvanlana bilər?

Bu barədə məlumat vet.edu.gov.az saytında yerləşdirilir. Müraciətlərin qəbulu adətən avqust ayında həyata keçirilir.

 

3. Qəbul hansı ixtisaslar üzrə aparılır?

https://vet.edu.gov.az/ saytında “İxtisaslar” bölümündə qəbul aparılan ixtisaslar qeyd olunur.

 

4. Qəbul hansı prinsip əsasında həyata keçirilir?

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciətçinin orta attestat balı üzrə nəticələrinə əsaslanır.

 

5. Neçə ixtisas seçimi verilir?

Tələbə qəbulu prosesində müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

 

6. Nəticələr barədə namizədlərə məlumat hansı qaydada verilir?

Müraciətlər barədə məlumat şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumatın təqdim edilməsi nəzərdə tutulur.

 

7. Müsabiqədən uğurla keçən şəxsləri növbəti mərhələdə nə gözləyir?

Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları peşə təhsili müəssisəsinə sənədlərin təqdim edilməsi üçün dəvət olunurlar.

 

8. Sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin təhsil almasında hər hansı güzəşt tətbiq olunurmu?

Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
  • I, II və III dərəcə əlilliyi olan şəxslər;
  • şəhid ailəsinin üzvləri;
  • 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər

 

9. Peşə təhsil müəssisələrində təhsil hansı müddətdə aparılır?

Peşə təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik, 3 illik və 4 illik təhsil proqramları əsasında təşkil olunur.

 

10. Peşə təhsili üzrə kimlər müraciət edə bilər?

Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

 

11. Peşə təhsil pilləsi üzrə təhsil ödənişlidirmi?

Peşə təhsili pilləsi üzrə təhsil imkanı həm dövlət vəsaiti hesabına, həm də ödənişli əsaslarla yaradılır.

 

12. Bir neçə dəfə dövlət vəsaiti hesabına təhsil almaq mümkündürmü?

Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

 

13. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil ala bilərlərmi?

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər.

 

14. Dövlət peşə təhsili müəssisələrində təhsil alan tələbələr təqaüd ilə təmin olunurmu?

Dövlət vəsaiti hesabına təhsil alan tələbələrə  təqaüd verilir.

 

15. Elektron qeydiyyatdan keçdikdə hansı sənədlər tələb olunur?

  • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
  • Təhsil haqqında sənəd (attestat);
  • Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd;

 

16. Peşə təhsili almaq üçün yaş məhdudiyyəti varmı?

Müsabiqədə iştirakınıza əvvəlki təhsil sənədləriniz əsasında baxılır. Burda yaş məhdudiyyəti yalnız ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə biləcəklər.

 

17. Peşə təhsili üçün müracitə edən şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir?

Xeyr, peşə təhsili alan şəxslərə hərbi xidmətdən möhlət hüququ vermir. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılan şəxslər təhsilini dondurur və hərbi xidməti bitirdikdən  sonra öz təhsili qaldığı yerdən davam etdirmək üçün müraciət edir.


İstinad et
Mövzuyla əlaqəli təqlər
Burada paylaşın: