Təhsil Bələdçisi təşəbbüs qrupu olaraq bu dəfə təhsil naziri və müavinlərinin qəbulunda iştirak etmək üçün lazımi mərhələləri araşdırdıq. Bizə çox maraqlı idi təhsil nazirinin qəbulunda iştirak edən vətəndaşlar necə və hansı əsaslarla müəyyən edilir.
Mövcud pandemiya şəraitində təhsil naziri tərəfindən vətəndaşların qəbulu videobağlantı vasitəsilə, bölgələr üzrə növbəli şəkildə həyata keçirilir. Növbəti videoqəbulların keçiriləcəyi bölgələr haqqında öncədən Təhsil Nazirliyinin informasiya resurslarında (rəsmi sayt, sosial media səhifələrində) ictimaiyyətə məlumat verilir. Yalnız rəsmi məlumat verildikdən sonra həmin bölgənin sakinləri və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar videoqəbula yazıla bilərlər.
Təhsil Nazirliyinin 23 iyun 2020-ci il tarixli, F-325 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatında və tabeliyindəki qurumlarda vətəndaşların qəbulunun təşkili Qaydaları”na əsasən vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, Azərbaycan Respublikasının təhsil naziri tərəfindən qəbulu onların müvafiq təhsil müəssisələrinin, digər tabe qurumların, yerli təhsili idarəetmə orqanlarının, Nazirliyin müvafiq sektor, şöbə və aparatının rəhbərləri, müvafiq nazir müavinləri tərəfindən qəbul edildikdən (müraciəti müsbət həll edilmədikdən) sonra həyata keçirilə bilər.
Tövsiyə olunur ki, vətəndaşlar ilkin mərhələdə aidiyyəti üzrə Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının və tabe qurumlarının, o cümlədən Nazirliyin struktur bölmə rəhbərlərinin qəbulunda iştirak etsinlər. İlkin mərhələdə müraciətə baxılma nəticəsinndən razı qalmayan vətəndaşlar təhsil nazirinin müavinləri və təhsil nazirinin qəbulunda iştirak üçün müraciət edə bilər.
Təhsil naziri və müavinlərinin eləcə də Təhsil Nazirliyinin bütün tabe qurumlarının və struktur bölmə rəhbərlərinin videoqəbulunda iştirak etmək üçün, Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna zəng etmək və ya Nazirliyin rəsmi saytının əlaqə bölməsi vasitəsilə qəbuluna yazılmaq istədiyiniz qurumu və vəzifəli şəxsi seçməklə ( https://edu.gov.az/contact_us) elektron müraciət etmək kifayətdir. Rəhbər vəzifəli şəxslərin qəbul cədvəli ilə saytın əlaqə bölməsində tanış olmaq mümkündür.