Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu
hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə
həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu
https://mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin
yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2017-ci il təvəllüdlü) uşaqlar
qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı
halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı
müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı 2022-ci ilin avqust ayının 5-dən, məktəb
seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqust
ayının 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqust ayının 11-dən
başlanılır və proses sentyabrın 14-də yekunlaşır. Elektron ərizəsi qeydiyyata alınan
şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 01 sentyabr 2022-ci il tarixdən
başlayır, 26 sentyabr 2022-ci ildə başa çatır.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir
məhdudiyyət varmı?
Cavab: Xeyr, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidirmi?
Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu
qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə
vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və elektron poçt ünvanı.
Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu
yerləşdirməlidir.
Sual: Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi
məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?
Cavab: Siniflərdə şagird sıxlığı və məktəbə qəbulla bağlı daha çox müraciət
olunan bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda
qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
• Valideyni ( (qanuni nümayəndəsi) və ya uşaq) qeydiyyat ünvanı üzrə həmin
məktəb üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olanlar;
• Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
• Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Sual: Tədris digər dilllərdə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına
sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı valideyn digər dildə
tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının
qiymətləndirilməsinə ehtiyac yaranmır.
Sual: Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs,
bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı?
Cavab: Bəli, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı
olmayaraq tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının
qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Sual: Məcburi köçkün məktəblərini necə seçmək olar?
Cavab: Məcburi köçkün məktəblərini seçən zaman yaşayış ünvanına uyğun
rayon/şəhər seçib qeydiyyatdan keçmək lazımdır.
Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa,
nə etmək lazımdır?
Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron
İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş şəxsi kabinetin əlaqə bölməsindən
müraciət etməlidir.
Sual: Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda
daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron
sistemdə qeydiyyatdan necə keçirə bilərlər?
Cavab: Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil
müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron
sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya
qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri
seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi
tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem
vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı
yaradılır.
Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən
məktəb və müəllim seçə bilər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb
seçimi edə bilməz?
Cavab: Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu
ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda
başqa məktəb seçimi edə bilər.
Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə
cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün
müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların
qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U))
məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac
yaranmır.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı
sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qrupuna qəbul üçün
aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq
edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum
haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün
Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi
və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu
təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş
Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında
yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından
elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil
etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin
sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə
uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların
bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər
hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Sual: Məşğələlərin müddəti necə müəyyən olunur?
Cavab:
• Həftədə 4 gün olmaqla, 12 məşğələ;
• Bir gün ərzində 3 məşğələ;
• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;
• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi
keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə
hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”,
“Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
Cavab: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması
tətbiq edilmir.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət
göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət
göstərəcək.